Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə növbəti maarifləndirici tədbir Azərbaycan Universitetində baş tutub. Tədbirdə universitetin müxtəlif fakültələrindən olan IV kurs tələbələri iştirak ediblər.
Tədbiri universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq, bu kimi təşəbbüslərin gənclərin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova çıxış edərək, ölümdən sonra donor olmağın yalnız tibbi və hüquqi aspektlərini deyil, həm də mənəvi dəyərini ön plana çəkib: “Ölümdən sonra donor olmaq insanlıq adına xidmətdir. Amma bu, hər kəsə nəsib olmur. Bunun üçün beyin ölümü diaqnozunun qoyulması vacibdir". Mərkəz sədrinin sözlərinə görə, əgər şəxsin sağlığında bu barədə rəsmi razılığı yoxdursa, qərar onun yaxınlarının üzərinə düşür: "Bu yükü yaxınlarımızın üzərinə qoymamaq üçün hər birimiz donor olmaq barədə düşünməli və bu addımı sevgi ilə atmalıyıq".
Yeganə Abbasova həmçinin müxtəlif ölkələrin koordinasiya mərkəzlərinin fəaliyyətinə də toxunaraq qeyd edib ki, Türkiyədə Orqan Donorluğu üzrə Koordinasiya Mərkəzi 1979- cu ildə yaradılıb, ancaq meyitdən orqan götürülməsi yalnız 30 ildən sonra baş verib. İspaniyada isə bu sahədə uğura nail olmaq üçün 10 il maarifləndirmə işi aparılıb. Azərbaycanın isə bu yolda cəmi iki il yarıma uğur qazanması səhiyyəmiz üçün əlamətdar hadisədir.
Ardınca Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim- koordinatoru Mehriban Əliyeva çıxış edərək, orqan donorluğunun tibbi şərtləri, donor olmaq üçün əsas meyarlar və transplantasiya olunmuş insanların həyatında baş verən müsbət dəyişikliklər barədə ətraflı məlumat verib.
O, tədbir zamanı nümayiş etdirilən təqdimat slaydlarında yer alan və xüsusi diqqət çəkən fikri iştirakçılarla bölüşüb:
“Bir donor olaraq bütün orqanlarınızı bağışlasanız, 8-10 insanın həyatını xilas edə bilərsiniz.”
M.Əliyeva bu fikri tamamlayaraq bildirib:
“Bu insanlardan biri bəlkə də bir anadır - onun övladları kimsəsiz qalmayacaq. Biri bir övladdır – valideynləri onun yoxluğunun acısını çəkməyəcək. Biri isə bəlkə də gəncdir- həyatda hələ görəcəyi çox şey var.”
Tədbirin sonunda iştirakçılara səsləndirilən çağırış isə orqan donorluğunun mənəvi dəyərini bir daha xatırladıb:
“Əmin olun ki, kiməsə həyat bəxş etmək – ölümündən sonra belə kiminsə ümid işığına çevrilmək – insanlıq adına atılacaq ən böyük addımdır. Hər bağışlanan orqan – bir həyatı, bir ailəni, bir gələcəyi xilas etmək deməkdir. Sizin qərarınız – kiminsə yaşama səbəbi ola bilər. Gəlin həyat bəxş edək!”
Tədbir müzakirə və sual-cavab formatında davam edib. Tələbələr tərəfindən orqan donorluğunun hüquqi, tibbi və etik aspektləri ilə bağlı ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb. Daha sonra orqan donorluğu prosesinə dəstək olmaq istəyən tələbələr Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizələrini imzalayıblar.
Tədbirin sonunda iştirakçılara orqan donorluğunun loqosu əks olunmuş mayka və kepkalar hədiyyə edilib.